Hacı Çələbi Xan
Hacı Çələbi Xan Şəki xanı (1747-1755), Şəki xanlığının banisidir. Dərviş Məhəmməd xanın nəvəsidir. İran hakimiyyətinə qarşı 1773-cü il Şəki üsyanına başçılıq etmiş və hakimiyyəti ələ keçirmişdir. 1744-1745-ci illərdə Şəkiyə hücum edən Nadir Şaha giddi müqavimət göstərən Hacı Çələbi Xan sonralar Şəkiyə vəkil təyin edildi. Nadir Şah öldürüldükdən sonra Hacı Çələbi Xan Şəki xanlığının ilk xanı oldu. Çələbi Xan Azərbaycan torpaqlarını Şəki xanlığına birləşdirmək siyasəti yeridirdi. O, Qəbələ, Ərəş, Qurtqaşın sultanlıqlarını və Car-Balakən camaatlığını özündən asılı vəziyyətə saldı. Bir neçə dəfə Şamaxı, Gəncə və Qarabağ xanlıqlarına hücum etdi. Hacı Çələbi Xan XVIII əsrin ortalarında Gəncə, Şəmkir, Qazax və Borçalı uğrunda mübarizədə Kartli çarı Teymurazı və Kaxeti çarı II İraklini bir neçə dəfə məğlubiyyətə uğratmışdır. 1752-ci ildə guya Şəki xanlığına qarşı mübarizə aparmaq məqsədilə Teymuraz və II İrakli bəzi Azərbaycan xanlıqlarını Gəncədə görüşə dəvət etdi. Gəncəyə gələn Qarabağlı Pənahəli xan, İrəvanlı Hüseynəli xan, Naxçıvanlı Heydərqulu xan, Qaradağlı Qasım xan və Gəncəli Şahverdi xan gürcü hakimləri tərəfindən xaincəsinə əsir alındılar. Bunu eşidən Hacı Çələbi Xan Şəmkir yaxınlığında Teymuraz və II İraklini məğlubiyyətə uğradaraq keçmiş rəqiblərini azad etdi. Bu qələbə Qazax və Borçalıda Hacı Çələbi Xanın hakimiyyətini təmin etdi və gürcü hakimlərinin Azərbaycan torpaqlarını istila etmək təhlükəsini birdəfəlik aradan qaldırdı.
|